FIFA-dan İspaniya futboluna ağır cəza: 20 min dollar cərimə və tribunaların bağlanması
Beynəlxalq Futbol Federasiyası (FIFA) İspaniya Kral Futbol Federasiyasını (RFEF) azarkeşlərin ayrı-seçkilik xarakterli şüarlarına görə cəzalandırıb. Oktyabrın 16-da açıqlanan qərara əsasən, federasiya 20 min ABŞ dolları məbləğində cərimə ödəməli və milli komandanın növbəti ev yoldaşlıq görüşündə stadion tutumunun ən azı 15 faizinə məhdudiyyət tətbiq etməlidir. Hadisə mart ayında İspaniya ilə Misir arasında keçirilmiş qarşılaşmada baş verib.
Martın 31-də “Espanyol”un RCDE stadionunda təşkil olunan İspaniya–Misir yoldaşlıq görüşü 0:0 hesabı ilə başa çatıb. Qarşılaşma zamanı tribunadakı bəzi azarkeşlər müsəlmanlara qarşı alçaldıcı məna daşıyan şüarlar səsləndiriblər. Bu davranış stadionda etirazla qarşılanıb. Şüarlar təkrarlandıqdan sonra səsgücləndirici vasitəsilə xəbərdarlıq edilib və stadionun ekranında ayrı-seçkiliyə qarşı mesaj nümayiş olunub.
Hadisəyə İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal da münasibət bildirib. O, azarkeşlərin davranışını hörmətsiz və qəbuledilməz adlandırıb. Futbolçunun açıqlaması beynəlxalq mediada geniş müzakirə olunub. İspaniya polisi də hadisədən sonra araşdırmaya başlayıb. FIFA isə federasiyanın məsuliyyətini müəyyənləşdirmək üçün intizam icraatı aparıb.
FIFA-nın intizam orqanı azarkeşlərin şüarlarını ayrı-seçkilik hesab edib. Qurumun mövqeyinə görə, hər hansı ifadənin ayrı-ayrılıqda təhqiramiz olmaması onun müəyyən kontekstdə alçaltma məqsədilə işlədilməsini istisna etmir. İspaniya federasiyası isə hadisə zamanı operativ tədbirlər gördüyünü və şüarların davam etməsinin qarşısını aldığını vurğulayıb. RFEF tətbiq olunan cəzanı həddindən artıq sərt hesab edir.
Cərimədən əlavə, İspaniya millisinin növbəti ev yoldaşlıq görüşündə tribunaların ən azı 15 faizi üçün məhdudiyyət nəzərdə tutulub. FIFA-nın təsdiqi ilə həmin yerlərin müəyyən hissəsi ailələr, tələbələr və ayrı-seçkiliyə qarşı fəaliyyət göstərən təşkilatların nümayəndələri üçün ayrıla bilər. Bu yanaşma həm intizam tədbiri, həm də futbol stadionlarında hörmət və bərabərlik prinsiplərinin təşviqi məqsədi daşıyır.
İspaniya Futbol Federasiyası qərarla razılaşmır və hüquqi mübarizəni davam etdirmək niyyətindədir. FIFA ilkin apellyasiya müraciətini rədd etdikdən sonra RFEF məsələni İdman Arbitraj Məhkəməsinə (CAS) çıxaracağını açıqlayıb. Federasiya hadisənin qarşısını almaq üçün lazımi tədbirlər gördüyünü əsas gətirir. Hazırda cəzanın ləğv edilməsi barədə qərar yoxdur və mübahisənin yekun nəticəsi növbəti hüquqi prosesdən asılı olacaq.




Комментарии